İmişli RİHB-nın Ölcələr kənd İƏD

İmişli RİHB-nın Ölcələr kənd İƏD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İmişli RİHB-nın Ölcələr kənd İƏD, Real Estate, İmişli rayon Yuxarı Qatalar kəndi, Imishly.

13/03/2026

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilir

2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüş zamanı mühüm bəyanatla çıxış etmişdir. Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırda fəal inkişaf mərhələsində olduğunu vurğulayaraq bu səfərin əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif səviyyələrdə intensiv dialoq mövcuddur.
Son illər ərzində Avropa Komissiyasının nümayəndələrinin ölkəmizə tez-tez səfər etməsi tərəfdaşlığın inkişafının bariz göstəricisidir. Dövlət başçısı iqtisadi əlaqələrə toxunaraq bildirmişdir ki, bu ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə həyata keçirilmişdir. Bu fakt Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğunu bir daha təsdiq edir. Prezident vurğulamışdır ki, qarşıdakı dövrdə yeni layihələr və investisiya imkanları hesabına qarşılıqlı sərmayə qoyuluşu daha da genişlənəcək və ticarət dövriyyəsi artacaq.
Dövlət başçısı çıxışında enerji əməkdaşlığının Azərbaycan–Avropa münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əməkdaşlığın inkişafına mühüm təkan vermişdir. Həmin vaxtdan etibarən Azərbaycanın Avropaya qaz ixracı həm həcm, həm də coğrafiya baxımından əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazından istifadə edir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchizatını həyata keçirən aparıcı ölkələrdən biridir və bu amil bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır. Avropa bazarı Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir və bu istiqamətdə böyük artım potensialı mövcuddur. Bu ayın əvvəlində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında Azərbaycanın qaz hasilatının artırılması planları barədə məlumat verilmişdir. Dövlət başçısının sözlərinə görə, yaxın illərdə yeni yataqlardan hasilat hesabına mövcud həcmə əlavə olaraq ən azı 10 milyard kubmetr qazın bazarlara çıxarılması nəzərdə tutulur.
Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan külək, günəş və su elektrik enerjisinin inkişafına böyük sərmayələr yatırır. Ölkənin iqlim şəraiti bu sahədə geniş imkanlar yaradır. Azərbaycanda il ərzində 300-dən çox günəşli günün olması və külək potensialının yüksəkliyi alternativ enerji mənbələrinin inkişafı üçün əlverişli şərait yaradır. Planlara əsasən, yaxın beş-altı il ərzində ixrac üçün nəzərdə tutulan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı imkanlarının yaradılması nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri və digər enerji infrastrukturu layihələri üzərində fəal iş aparılır. Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu vəziyyət region üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Ermənistanla paraflanmış sülh sazişindən sonra nəqliyyat və tranzit məsələləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Orta Dəhlizin inkişafı regionda iqtisadi əlaqələrin genişlənməsinə əlavə stimul verir. Azərbaycan sülh prosesinə yalnız imzalanmış sənədlərlə deyil, real addımlarla da töhfə verir. Belə ki, Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlamış, digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmışdır. Bu addımlar Azərbaycanın regionda sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə sadiq olduğunu göstərir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

13/03/2026

Azərbaycan beynəlxalq dialoq, sülh və əməkdaşlığın təşviqində mühüm rol oynayır

Martın 12-də Bakı şəhərində cənab Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumu öz işinə başlamışdır. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilat rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyi bu mötəbər tədbir qlobal problemlərin müzakirəsi və həlli istiqamətində mühüm platforma kimi çıxış edir. Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq, sülh və əməkdaşlığın təşviqi istiqamətində artan rolunu bir daha nümayiş etdirir. Forumun əsas məqsədi müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri, artan geosiyasi riskləri və qlobal çağırışları geniş şəkildə müzakirə etmək, dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməkdir. Bu baxımdan forum müxtəlif ölkələrin siyasi liderləri və beynəlxalq ekspertləri üçün fikir mübadiləsi aparmaq, aktual problemlərin həlli yollarını müzakirə etmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində çıxış edən Prezident İlham Əliyev müasir dövrdə dünya siyasətində baş verən mürəkkəb proseslər, qlobal təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər sistemində müşahidə olunan yeni tendensiyalar barədə ətraflı fikirlərini ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, hazırkı dövrdə dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr və yeni çağırışlar fonunda təhlükəsizlik və sabitlik məsələləri hər bir dövlət üçün prioritet əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, davamlı inkişafın təmin olunması üçün ilk növbədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi vacibdir.Azərbaycanın dövlət siyasətində də bu amillər xüsusi yer tutur. Ölkəmiz uzun illər davam etmiş münaqişədən sonra beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü təmin etmiş və regionda yeni reallıqlar formalaşdırmışdır. Hazırda Azərbaycan postmünaqişə dövründə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm layihələr reallaşdırır. Bu proses regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar regionda uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş mühüm addımlardan biridir. Azərbaycan tərəfi regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu yanaşma regionda iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.Azərbaycanın beynəlxalq siyasətində mühüm istiqamətlərdən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır.
Ölkəmiz zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu resursların dünya bazarlarına etibarlı və sabit şəkildə çatdırılmasını təmin edir. Azərbaycan bir sıra dövlətlər üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edərək qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Bu siyasət enerji bazarlarında sabitliyin qorunmasına və tərəfdaş ölkələr arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına xidmət edir.Bununla yanaşı, Azərbaycan beynəlxalq nəqliyyat və logistika layihələrinin inkişafında da fəal iştirak edir. Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri ölkəmizin regionda strateji tranzit mərkəzinə çevrilməsinə mühüm töhfə verir. Bu layihələr vasitəsilə Avropa və Asiya arasında ticarət əlaqələrinin genişlənməsi, yükdaşımaların daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi mümkün olur. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi infrastruktur layihələri region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafına və yeni iqtisadi imkanların yaranmasına geniş şərait yaradır.Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq dialoqun inkişafına, sivilizasiyalararası əməkdaşlığın təşviqinə və qlobal problemlərin birgə həllinə xüsusi önəm verir. Bakı şəhəri son illərdə müxtəlif beynəlxalq forumların, konfransların və mühüm siyasi tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bu isə Azərbaycanın qlobal siyasətdə artan rolunun və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Nəticə etibarilə, XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın inkişafı, qlobal çağırışların müzakirəsi və sülhün təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum çərçivəsində səsləndirilən fikirlər, irəli sürülən təşəbbüslər və aparılan müzakirələr dövlətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, beynəlxalq dialoqun genişlənməsinə və qlobal problemlərin birgə həllinə töhfə verən mühüm addımlar kimi qiymətləndirilir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

12/03/2026
13/02/2026

Dövlət siyasətində yeni mərhələ: rəqəmsallaşma və süni intellekt

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev tərəfindən rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması məsələlərinin dövlət siyasətinin əsas prioritetləri sırasında göstərilməsi ölkənin gələcək inkişaf istiqamətinin aydın şəkildə müəyyən olunduğunu göstərir. Qlobal miqyasda texnoloji transformasiyanın sürətləndiyi bir dövrdə bu sahələrin önə çəkilməsi strateji baxımdan əsaslandırılmış yanaşmadır.
Azərbaycanın mövcud üstünlükləri bu məqsədlərin reallaşdırılması üçün ciddi baza yaradır. Ölkənin Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində mövqeyi, formalaşdırılmış enerji və nəqliyyat infrastrukturu rəqəmsal bağlantıların inkişafı üçün əlverişli şərait formalaşdırır. Mövcud infrastrukturun gələcəkdə fiber-optik dəhlizlərinə inteqrasiyası perspektivi rəqəmsal transformasiyanın texniki əsaslarının artıq müəyyən qədər mövcud olduğunu göstərir.
Enerji sahəsində əldə olunmuş nəticələr də xüsusi əhəmiyyət daşıyır. Generasiya gücünün son illərdə əhəmiyyətli dərəcədə artması və istifadə edilməyən potensialın mövcudluğu data mərkəzləri kimi yüksək enerji tələbi olan layihələrin həyata keçirilməsini mümkün edir. Azərbaycan özünü əsas enerji mənbələri ilə təmin etməklə yanaşı, ixrac imkanlarına da malikdir və bərpaolunan enerji üzrə imzalanmış kontraktlar gələcəkdə bu potensialın daha da genişlənəcəyini göstərir.
Beynəlxalq əməkdaşlıq mühiti də rəqəmsal inkişaf üçün əlverişli çərçivə yaradır. Transmilli şirkətlərlə uzunmüddətli iş təcrübəsi, əlverişli investisiya iqlimi və qlobal maliyyə fondları ilə sıx əlaqələr yeni texnoloji layihələrin reallaşdırılmasına zəmin yaradır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Avropa İttifaqına üzv ölkələr və Çinlə strateji sənədlər rəqəmsal sahədə əməkdaşlıq imkanlarını genişləndirir.
Müşavirədə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, rəqəmsal proseslərin vahid mərkəzdə cəmlənməsi və dövlət xidmətlərinin “mygov” platforması üzərindən həyata keçirilməsi ilə bağlı yanaşma idarəetmədə səmərəliliyin artırılmasına yönəlib. Hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyən edilməsi bu istiqamətdə institusional mexanizmlərin formalaşdırılmasına xidmət edir.
Kadr hazırlığı və kibertəhlükəsizlik məsələləri də prioritet kimi qeyd olunur. Təhsil sistemində uyğun ixtisasların inkişafı, xaricdə təhsil proqramları və mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi rəqəmsal transformasiyanın davamlılığını təmin edən əsas elementlərdir. Süni intellektin dövlət idarəçiliyində tətbiqi isə qərarvermə prosesinin daha çevik və analitik əsaslara söykənməsinə imkan yarada bilər.
Bütün bu istiqamətlər vahid fəaliyyət planı və güclü koordinasiya ilə müşayiət olunduğu halda, rəqəmsallaşma və süni intellekt sahəsində atılan addımlar ölkənin uzunmüddətli və dayanıqlı inkişaf modelinin əsas sütunlarından birinə çevrilə bilər.

İlkin Quluzadə, İmişli RİH başçısı aparatı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi

11/02/2026

Bakı və Vaşinqton arasında əməkdaşlığın yeni çərçivəsi

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Sənəd altı ay ərzində aparılmış işin nəticəsi kimi təqdim olunur və Vaşinqtonda keçirilmiş görüşdən sonra yaradılmış İşçi Qrupunun fəaliyyətinin məntiqi davamıdır. Vitse-prezidentin Azərbaycana səfəri və Xartiyanın imzalanması münasibətlərin siyasi səviyyədə möhkəmləndiyini nümayiş etdirir. Sənəddə tərəflər bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər. Eyni zamanda regional bağlantılar, iqtisadi sərmayələr və təhlükəsizlik əməkdaşlığı strateji tərəfdaşlığın əsas istiqamətləri kimi müəyyən olunur. Xüsusilə Trans-Xəzər Nəqliyyat Dəhlizi və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi regional nəqliyyat, enerji və tranzit imkanlarının genişləndirilməsi baxımından vurğulanır. Sənəddə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması və regionun beynəlxalq ticarət və tranzit potensialının reallaşdırılması məqsədi qeyd edilir.
Enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan Respublikasının enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi strateji əhəmiyyəti qəbul edilir və neft, qaz, elektrik enerjisi, eləcə də mülki nüvə əməkdaşlığının genişləndirilməsi niyyəti ifadə olunur. Eyni zamanda interkonnektor layihələri və təchizat marşrutlarının şaxələndirilməsi vurğulanır. İqtisadi sərmayələr və texnoloji əməkdaşlıq Xartiyanın digər mühüm istiqamətidir. Süni intellekt tərəfdaşlıqları, rəqəmsal infrastrukturun inkişafı, AI data mərkəzlərinin yaradılması, birgə tədqiqat və inkişaf mexanizmləri, innovasiya platformaları və kibertəhlükəsizlik sahəsində təşəbbüslər əməkdaşlığın prioritetləri sırasında göstərilir. Özəl sektorun prosesə cəlb olunmasının əhəmiyyəti ayrıca qeyd edilir.
Təhlükəsizlik əməkdaşlığı bölməsində müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığının genişləndirilməsi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq niyyəti ifadə olunur. Cənubi Qafqazda sülhün hər iki dövlətin ortaq marağında olduğu vurğulanır.
Sənədin institusional çərçivəsi çərçivəsində iqtisadiyyat və ticarət, enerji, bağlantılar və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələri üzrə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. İmzadan sonrakı üç ay ərzində layihələrin siyahısının və yol xəritələrinin razılaşdırılması, eləcə də ildə ən azı bir dəfə müntəzəm görüşlərin keçirilməsi planlaşdırılır.
Bütünlükdə, imzalanmış Xartiya iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik istiqamətlərində sistemli şəkildə genişləndirilməsi niyyətini əks etdirir və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

İlkin Quluzadə, İmişli RİH başçısı aparatı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi

06/02/2026

Prezident İlham Əliyevin sülh siyasəti beynəlxalq səviyyədə yüksək qiymətləndirildi

Əbu-Dabidə keçirilən nüfuzlu beynəlxalq mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülhün bərqərar olunmasına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir. Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adı ilə bağlı olan bu mükafat sülh, uzaqgörənlik və inkişaf kimi ali dəyərləri təcəssüm etdirir. Bu dəyərlərin bu gün BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən uğurla davam etdirilməsi ölkəni regional və qlobal səviyyədə dialoq və əməkdaşlıq platformasına çevirmişdir. Əbu-Dabi bu baxımdan beynəlxalq sülh təşəbbüslərinin formalaşdığı mühüm mərkəzlərdən biri kimi çıxış edir. Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm tarixi mərhələdir. Otuz ildən artıq davam edən münaqişədən sonra sülhün təmin edilməsi regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və prinsipial mövqeyi bu prosesin əsas hərəkətverici qüvvəsi olmuşdur.
ABŞ Prezidenti Donald Trampın 2025-ci il avqustun 8-də Vaşinqtonda ev sahibliyi etdiyi üçtərəfli Zirvə Görüşü sülh prosesində həlledici mərhələ kimi tarixə düşmüşdür. Həmin görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanmış, Birgə Bəyannamə imzalanmış və bununla da otuz ildən artıq davam edən silahlı qarşıdurmaya son qoyulmuşdur. Sonrakı altı ay ərzində tərəflər arasında əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atılmışdır. Bu dövrdə Azərbaycan tərəfindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmış, eyni zamanda neft məhsullarının ixracına başlanmışdır. Ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın təşviqi sülhün dayanıqlı xarakter almasının mühüm göstəricisi olmuşdur. Bu addımlar sülhün yalnız siyasi razılaşma deyil, praktiki əməkdaşlıq əsasında qurulduğunu nümayiş etdirmişdir.
Əbu-Dabidə keçirilən mükafatlandırma mərasimi xüsusi rəmzi məna daşıyır. Çünki Azərbaycan və Ermənistan arasında sülhə dair son danışıqlar raundu ötən ilin iyul ayında, Vaşinqton Sammitindən bir ay əvvəl məhz burada keçirilmiş və sülhə dair yekun razılıq əldə olunmuşdur. Bu baxımdan, mərasim sülh prosesinin məntiqi və simvolik davamı kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülh siyasəti göstərir ki, uzunmüddətli münaqişələrə, dərin etimadsızlığa və ağır tarixi irsə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh mümkündür. Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli üçün nümunəvi model kimi çıxış edir.

İlkin Quluzadə, İmişli RİH başçısı aparatı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi

Address

İmişli Rayon Yuxarı Qatalar Kəndi
Imishly
AZ3000

Website

Alerts

Be the first to know and let us send you an email when İmişli RİHB-nın Ölcələr kənd İƏD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category