17/05/2026
Sumqayıt şəhərində yerləşən məktəblərdən biri ətrafında səsləndirilən iddialar ciddi araşdırma mövzusu kimi diqqət çəkir.Redaksiyamıza daxil olan məlumatlara görə, 11 nömrəli tam orta məktəb-də son dövrlər idarəçilik problemləri, texniki çatışmazlıqlar və valideyn narazılığı artmaqdadır. İddialara görə, məktəbdə internetin uzun müddət işləməməsi, su təchizatında yaranmış problemlər, davamiyyətə təsir edən təşkilati boşluqlar və məktəb daxilində yaranan münaqişələrin həllində zəif idarəçilik müşahidə olunub. Mediatvaz.com xəbər verir ki,ən ciddi iddia isə “Son zəng” tədbiri ilə bağlıdır. Valideynlərin bildirdiyinə görə, məktəb rəhbərliyi tərəfindən şagirdlərdən müəyyən məbləğdə vəsait toplanması həyata keçirilir və bu proses könüllülük prinsipi ilə deyil, məcburi xarakter daşıyır. Hətta bəzi valideynlərin övladlarının tədbirdən kənarda qala biləcəyi ilə bağlı dolayı təzyiqlərlə üzləşdiyi iddia edilir.Bəs görəsən İlhamə Abdullayevanın rəhbərlik etdiyi qurum bu narazılıqlara vaxtında niyə reaksiya vermir? Məktəbdə idarəçilik problemləri, texniki çatışmazlıqlar və “Son zəng” adı altında pul yığımı iddiaları varsa, bunların araşdırılmaması ictimai narazılığı daha da artırır. Təhsil müəssisələrində baş verən proseslərə nəzarət regional idarələrin birbaşa məsuliyyət sahəsinə daxildir. İddialar araşdırılmırsa, bu, “göz yumma” görüntüsü yarada bilər və şəffaflıqla bağlı sualları dərinləşdirər.Əgər bu iddialar təsdiqini taparsa, məsələ təkcə etik yox, həm də hüquqi məsuliyyət yarada bilər. Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil ödənişsizdir və şagirdlərdən məcburi şəkildə pul yığılması qanunla yolverilməz hesab olunur. Təhsil müəssisələrində ianələr yalnız könüllü xarakter daşıya bilər və heç bir halda şagirdin hüquqları ilə əlaqələndirilə bilməz.“Son zəng” tədbiri adı altında pul yığılması, valideynlərə təzyiq göstərilməsi və şagirdlərin tədbirdən kənarlaşdırılması ilə hədələnməsi təsdiqlənərsə, bu, vəzifə səlahiyyətlərindən sui-istifadə, təhsil hüquqlarının pozulması və inzibati araşdırma predmetinə çevrilə biləcək məsələdir. Valideynləri narahat edən başqa məqam isə məktəbin böyük kontingentə malik olmasına baxmayaraq idarəetmədə sabitliyin yaranmamasıdır. Təhsil müəssisəsi şəxsi idarəçilik modeli ilə deyil, qanun və normativ qaydalarla idarə olunmalıdır. Məktəb rəhbərliyinin əsas vəzifəsi pul toplamaq deyil, təhlükəsiz, şəffaf və keyfiyyətli təhsil mühiti yaratmaqdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com